Xatuna Abdullayeva: "Milli Xalça Festivalı böyük marağına səbəb olub"



 

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı ziyarətçilərin böyük marağına səbəb olub.

Bunu “Report”a açıqlamasında “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva deyib.

Onun sözlərinə görə, hər il 5 may - Xalçaçılıq günü kimi qeyd olunur, bu festival da xalçaçılıq gününə həsr edilib: “Festivalda regionlarda fəaliyyət göstərən 14  emalatxanamızdan xalçaçılar və toxucular gəlib. İki gün ərzində insanlara xalçanın istehsal prosesi göstərilib. Həmin emalatxanalardan toxucularla yanaşı Sumqayıtda fəaliyyət göstərən emal sexinin əməkdaşları da burada idi. Onlar bütün emal proseslərini izləyicilərə göstəriblər”.

X.Abdullayeva qeyd edib ki, festival çərçivəsində ustad dərsləri keçirilib: “Uşaqlara ustad dərslərinin keçirilməsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sabah qrupları”nın tələbələri kömək ediblər. Bundan əlavə, festivalda Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərən Milli Xalça Muzeyi də təmsil olunub. Festivalda Milli Xalça Muzeyinin xalça kolleksiyası nümayiş edilib. Şirvanşahlar saray kompleksində İnkülziv xalça sərgisi keçirilib”.

O əlavə edib ki, “Azərxalça”nın festivalda üç kolleksiyası nümayiş olunub: “Heydər Əliyev ili”nə həsr edilimiş və nümayiş edilmiş “Dövlətin memarı: Bir ömrün ensiklopediyası” triptix xalça sərgisi təqdim edilib: “Bununla yanaşı, “Azərxalça”nın “Bağçada meyvələr” kolleksiyası ilk dəfə burada nümayiş olunub. Bu, rəssam Samirə Allahverdiyevə ilə birgə ərsəyə gətirilib. Həmin kolleksiya 3D üslübunda hazırlanıb. Bizim festivalı təşkil etməkdə bir sıra məqsədlərimiz var idi. Birinci məqsəd xalçaçılıq gününü möhtəşəm şəkildə qeyd etməkdir. Digər hədəf Azərbaycanın milli-mənəvi irsi sayılan xalçaçılıq sənətini qoruduğumuzu, bu sənətin inkişafı üçün atdığımız addımları göstərməkdir. Bununla yanaşı, bu sənətlə məşğul olmaq istəyənləri özümüzə cəlb etməkdir”.

Xatırladaq ki, Milli Xalça Festivalı 4-5 may tarixlərində“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə keçirilib.